BAĞLA
site by dream@rt
 

Bakının Nizami rayonunun ictimaiyyət nümayəndələri cəbhə xəttində xidmət edən “n” saylı hərbi hissənin əsgərləri ilə görüşüblər

13.05.2015

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə Bakının Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “Azersun Holdinq”in, “Veysəloğlu” və “Əlvan İstanbul” şirkətlərinin dəstəyi ilə partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri cəbhə xəttində xidmət edən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bu gün Azərbaycan ordusunun nəinki bölgənin, hətta Şərqi Avropanın ən güclü ordularından biri olduğunu deyib. Qeyd olunub ki, əsgərlərimizdəki vətənpərvərlik hissi ilə yanaşı, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi də bir daha sübut edir ki, Azərbaycan ordusu qarşıya qoyulan vəzifələri qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, Azərbaycan əsgərləri hər an Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bildirilib ki, döyüş tapşırıqlarını çətin şəraitdə, yüksək səviyyədə yerinə yetirən əsgərlərimizin arzusu Azərbaycanın ərazisini bütöv görmək və onun təmin olunmasında şəxsən iştirak etməkdir.

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və başqaları bildiriblər ki, Azərbaycan ordusu hər an döyüşə hazırdır və bizim inamımız yalnız igid əsgərlərimizdir.

Təbriklərə görə şəxsi heyət adından minnətdarlığını bildirən “N” saylı hərbi hissənin zabitləri qeyd ediblər ki, əzmli, qüdrətli Azərbaycan ordusu istənilən anda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızı azad etməyə hazırdır.

Tədbirdə əsgərlərə sovqat verilib və konsert proqramı təşkil edilib.

Sonra qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xidmət etdiyi və hazırda onun adını daşıyan “Mübariz” postunda olublar. Düşmən ordusu ilə üz-üzə olan postda əsgərlərlə görüşən YAP Nizami rayon təşkilatının fəalları və rayon ictimaiyyəti nümayəndələri onları təbrik edib və şərəfli xidmətlərində uğurlar arzulayıb, əsgərlərə hədiyyələr təqdim olunub. Onlar, həmçinin ön xətdəki müşahidə mövqelərindən müasir müşahidə aparatları vasitəsilə ermənilərin işğalı altında olan Azərbaycan ərazilərini və düşmən mövqelərini izləyiblər.

Bakıdan gəlmiş qonaqlar əsgər yeməkxanası və yataqxanası ilə də tanış olublar.