share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

Aydın Talıbov
Təsisçi və Baş icraçı direktor

Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktoru Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Siyaqut kəndində anadan olub.

Aydın Talıbov ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "İnşaat texnologiyası" fakültəsində alıb və 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Universitetdən məzun olduqdan sonra üç il ərzində Naxçıvan MR-da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı Tikinti-İnkişaf qurumlarında müxtəlif vəzifələrdə çalışıb.

Biznes fəaliyyətinə 1992-ci ildə başlayan Aydın Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirib. Bununla da “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.

Aydın Talıbov gündəlik tələbat məhsulları (FMCG) sektorunda uğurlu bizneslərin təşkilinə nail olub. Belə ki, o, 2001-ci ildə ortaqları ilə birgə "Ulduz" Şokolad Fabrikini yaradıb. 2010-cu ildə isə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə "Araz" supermarketlər şəbəkəsini yaradıb.

Aydın Talıbov əsasən 2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirə bilib. "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, ölkədə yüksək endirim ("hard-discount") modelli "OBA" marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alıb.

2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir.

Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.

Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizin kafe biznesinə öz töhfəsini verib. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.

Bundan əlavə, Aydın Talıbov sahibkar olaraq, "Sirab" və "Badamlı" mineral su zavodlarının inkişafına dəstək olub.

Aydın Talıbov işgüzar fəaliyyəti dövründə biznes, marketinq üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə bir sıra konfranslarda, ABŞ, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə pərakəndə sahəsində konfranslarda və biznes inkişafı seminarlarında iştirak edib.

Ölkə qarşısında göstərdiyi xidmətlərinə görə Aydın Talıbov 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

 

Təsisçi və Baş icraçı direktordan müraciət:

Dəyərli həmkarlar və tərəfdaşlar,

Veysəloğlu Şirkətlər Qrupu olaraq, fəaliyyətimizdən 29 il ötür və bu müddətdə “sınaqsız bir ilimiz də olmadı” desəm, yanılmaram. Sınaqlar və çağırışlar, uğurlar və uğursuzluqlar hamısı bu yolun ayrılmaz bir hissəsidir. Nə yaxşı ki, qarşılaşdığımız hər sınaqdan öyrənərək və daha təcrübəli çıxırıq.

Geriyə dönüb baxdıqda qürurla deyə bilirəm ki, biz zəhmət və inamla başladığımız bu yolda kifayət qədər böyük məsafə qət etmişik. Distribusiya fəaliyyətimizi genişləndirərək tədarük zəncirini başdan-başa idarə etməyə nail olmuşuq. Müştərilərimiz, əməkdaşlarımız, partnyorlarımız və cəmiyyətin məmnuniyyətinə nail olmaq və bizə olan etimadı doğrultmaq üçün böyük zəhmət və sevgi ilə çalışırıq.

Missiyamız müştərilərimizi münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək, etibarlı tərəfdaşlıq edərək tədarükçülərimizin inkişafına töhfə vermək, əməkdaşlarımız üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərimizi yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir. Bu böyük məqsədə xidmət etmək bizim üçün bir şərəf işinə çevrilmişdir.

Ərzaq təhlükəsizliyi, davamlılıq və yeni iş yerlərinin yaradılması kimi məsuliyyətli öhdəlikləri mənimlə paylaşan və çiyin-çiyinə addımladığım iyirmi mindən çox üzvü olan Veysəloğlu ailəsinin hər bir fərdinə təşəkkür edirəm. Son dövrlərdə hər il 2000-nə yaxın yeni iş yeri yaratmışıq və bu da mənim üçün uğur göstəricilərindən biridir. Əməkdaşlarımıza layiqli iş şəraiti yaradılması və ölkəmizin əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi prioritetimizdir.

Bizim işimiz yalnız biznes deyil. Cəmiyyət və ətraf mühit ilə bağlı məsuliyyətimizi ciddi qəbul edir və dayanıqlılığa töhfə veririk. Nümunə üçün deyim ki, qapalı anbarımızda tullantıların yenidən emalı, proseslərin kağızsız həyata keçirilməsi kimi yanaşmaları tətbiq edirik. Bizim üçün dayanıqlılıq yalnız trend olan bir kəlmə deyil, bu, işimizin hər mərhələsində yaratdığımız dəyərdir.

29 ildir ki, Veysəloğlu məhsul və xidmətlərindən istifadə edən və bizi daha yaxşı işlər görməyə ruhlandıran həmvətənlərimə təşəkkür edirəm. Sizin dəstəyinizlə ölkəmiz üçün dəyər yaratmağa davam edirik.

Aydın Talıbov
Təsisçi və Baş icraçı direktor