Bu gün Veysəloğlu Şirkətlər Qrupu 20 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir.

Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Həmin ilin 5 noyabr tarixində Türkiyədən TIR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirməklə “Veysəloğlu Distribusiya” şirkətinin əsası qoyulub. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddə məhsulunun ölkə üzrə distribusiyasını həyata keçirir. “Veysəloğlu Distribusiya” qida məhsullarının distribusiyası və pərakəndə satışı üzrə aparıcı mövqeyə malikdir.

2001-ci ildə isə Veysəloğlu Şirkətlər Qrupu "Ulduz" Şokolad Fabrikinin əsasını qoyub. Qənnadı məhsulları sahəsində “Milli brend” statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları istehsal edir.

2010-cu ildə Şirkətlər Qrupunun ölkə xaricində ilk şirkəti – “VG” (Veyseloglu Georgia) fəaliyyətə başlayıb. 3500-dən çox satış nöqtəsi olan “VG” şirkəti Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Hindistan və digər müxtəlif ölkələrdən 30-dan çox istehsalçı ilə əməkdaşlıq edir. “VG” şirkətinin Tbilisi, Qori, Kutaisi və Batumi şəhərində 4 ofisi, Tbilisi və Kutaisidə isə 2 anbarı fəaliyyət göstərir. 

2011-ci il mayın 7-də Veysəloğlu Şirkətlər Qrupu pərakəndə sektoruna ilk addım ataraq "Araz" markası altında fəaliyyət göstərən “AzRetail”i təsis edib. "Siz harada, "Araz" orada" sloqanı ilə fəaliyyət göstərən "Araz" supermarketlər şəbəkəsi ölkə üzrə 300-dən artıq mağaza ilə müştərilərinə xidmət edir.

2016-cı ildə əhalinin istehlak səbətini eyni büdcə daxilində daha çox məhsul təklif edərək genişləndirmək və yerli istehsalçıların markalaşma xərci çəkmədən öz məhsullarını şəbəkə marketlərdə satışa çıxara bilmələrinə şərait yaratmaq məqsədilə ölkənin bütün regionlarına yayılmış 1110-dan artıq satış nöqtəsi ilə fəaliyyət göstərən "Oba" endirimli satış ("discount") şəbəkəsinin əsası qoyulub.

2016-cı ilin fevral ayından müxtəlif şirniyyat və digər un məmulatlarını "Araz" supermarketlər şəbəkəsində müştərilərə təqdim edən “Xonça” Fabriki qurulub.

Həmin ildə ölkədə aparılan iqtisadi islahatlar fonunda Veysəloğlu Şirkətlər Qrupu təsis etdiyi "V-Trade" distribusiya vasitəsilə iri həcmdə şəkər, paxlalı məhsullar və digər təməl qida məhsullarının idxalını artıraraq, ölkədə qiymət sabitliyinə dəstək göstərib.

2017-ci ildə "AVT Logistics"in əsası qoyulub. "AVT Logistics" 500-dən artıq yük nəqliyyat vasitəsi ilə 12 mindən artıq fərqli ticarət nöqtəsinə məhsul çatdırılmasını təmin edir.

Qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya isə 2018-ci ildə fəaliyyətə başlayıb.

Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə yeni bir xətt üzrə müştərilərinə məhsullar təqdim etməyə başlayıb. “Veysəloğlu-Rossmann” şirkətini yaradan Qrup ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir.

Şirkətlər Qrupu 2002-ci ildə digər ortaqlarla birlikdə "Sirab" mineral sular zavodunun yenidən qurulmasına investisiyalar yatıraraq, milli su brendi "Sirab"ı yenidən inkişaf etdirib.

Veysəloğlu Şirkətlər Qrupu digər ortaqları ilə birgə 2014-cü ildə “Entrée” kafesini Azərbaycana gətirib. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə bir neçə kafe fəaliyyət göstərir.