Aydın Talıbov
Müşahidə Şurasının sədri

Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Siyaqut kəndində anadan olub.

Aydın Talıbov ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "İnşaat texnologiyası" fakültəsində alıb və 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Universitetdən məzun olduqdan sonra üç il ərzində Naxçıvan MR-da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı Tikinti-İnkişaf qurumlarında müxtəlif vəzifələrdə çalışıb.

Biznes fəaliyyətinə 1992-ci ildə başlayan Aydın Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirib. Bununla da “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.

Aydın Talıbov gündəlik tələbat məhsulları (FMCG) sektorunda uğurlu bizneslərin təşkilinə nail olub. Belə ki, o, 2001-ci ildə ortaqları ilə birgə "Ulduz" Şokolad Fabrikini yaradıb. 2010-cu ildə isə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə "Araz" supermarketlər şəbəkəsini yaradıb.

Aydın Talıbov əsasən 2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirə bilib. "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, ölkədə yüksək endirim ("hard-discount") modelli "OBA" marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alıb.

2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir.

Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.

Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizin kafe biznesinə öz töhfəsini verib. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.

Bundan əlavə, Aydın Talıbov sahibkar olaraq, 2002-ci ildə "Sirab" mineral sular zavodunun inkişafına dəstək olub.

Aydın Talıbov işgüzar fəaliyyəti dövründə biznes, marketinq üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə bir sıra konfranslarda, ABŞ, Böyük Britaniya, Yaponiya və digər ölkələrdə pərakəndə sahəsində konfranslarda və biznes inkişafı seminarlarında iştirak edib.

Ölkə qarşısında göstərdiyi xidmətlərinə görə Aydın Talıbov 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.