19.09.2022Təhsilə dəstək
Veysəloğlu Şirkətlər Qrupunun dəstək olduğu gənclər tələbə adını qazandılar

Veysəloğlu Şirkətlər Qrupu “Gələcəyini Qur” təşəbbüsünə qoşularaq, 12 gəncin təhsil almasına dəstək oldu.

Şirkətlər Qrupu artıq üçüncü dəfədir ki, bu layihənin iştirakçısıdır və bu zaman ərzində 56 gəncin təhsil almasına şans qazandırıb.

2021-2022-ci tədris illəri üzrə “Gələcəyini Qur” layihəsi əsasında Bakının Sabunçu rayonundan olan 12 gəncin ali məktəbə hazırlığı üçün dəstək olundu. Nəticə etibarilə şagirdlərdən hər biri tələbə adına layiq görüldü. Onlardan bir çoxu Bakının müxtəlif universitetlərində dövlət sifarişli əsaslarla təhsilini davam etdirəcək.

Bu təşəbbüsün məqsədi oxumağa həvəsi olan gənclərin universitetlərə hazırlaşmasına lazımi şərait yaratmaqdır. Layihə iştirakçıları 11-ci sinif şagirdlərini və orta məktəb məzunlarını əhatə edir.

https://www.youtube.com/watch?v=QTbGOLaYxB4

Veysəloğlu Şirkətlər Qrupunun fəlsəfəsi cəmiyyətə dəyər qatmaq və insan kapitalının inkişafına dəstək olmaqdır. Beləliklə, Şirkətlər Qrupu təhsilə dəstək istiqamətində bir çox faydalı layihədə yer alaraq, növbəti illərdə də bu təşəbbüsə qoşulmaq niyyətindədir. 

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

01.03.2022Təhsilə dəstək
Gənclərə dəstək veririk: 12 məktəbli tələbə olmaq arzusuna indi daha yaxındır

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) yenidən “Gələcəyini Qur” təşəbbüsünə qoşularaq gənclərin bacarıq və biliklərini artırmaqla onların sosial inkişafı üçün imkanlar yaratmaqda davam edir. Bu layihə çərçivəsində Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək verir.

Layihə iştirakçıları 11-ci sinif şagirdlərini, eləcə də fiziki məhdudiyyəti olan və yaxud xüsusi qayğıya ehtiyacı olan orta məktəb məzunlarını əhatə edir. Dərslər vasitəsilə qəbul imtahanına hazırlıqları təşkil etmək və müxtəlif növ sosial fəaliyyətlərdə iştiraklarını təmin edərək cəmiyyətə inteqrasiyaya köməklik göstərmək “Gələcəyini Qur” layihəsinin əsas iki məqsədidir.

Bu ilki layihədə VŞQ Bakının Sabunçu rayonundan olan 12 şagirdə dəstək olacaqdır. Məktəblilərə universitetə hazırlıqla yanaşı, sağlam həyat tərzi ilə bağlı faydalı alışqanlıqların yaradılması da layihənin fəaliyyətinə daxildir. Veysəloğlu Şirkətlər Qrupunun ötən illər ərzində sponsorluq etməsi sayəsində Bakıda və regionlarda yaşayan 40-dan çox gənc ali məktəbə qəbul olmaq imkanından faydalanıb.

Korporativ Sosial Məsuliyyət siyasətində təhsilə dəstək istiqamətində bir çox faydalı layihədə yer alan Veysəloğlu Şirkətlər Qrupu növbəti illərdə də bu təşəbbüsü dəstəkləməyi planlayır.

19 minə yaxın insanın iş yeri olan Veysəloğlu Şirkətlər Qrupu istehsal, distribusiya, logistika, pərakəndə satış daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir.

10.01.2022Təhsilə dəstək
Daha 13 gənc Şirkətlər Qrupumuzda işlə təmin olundu

“Veysəloğlu ilə İlk Addım” (“VİA”) təcrübə proqramını uğurla başa vuran gənclər şirkətin müxtəlif bizneslərində karyera seçimi əldə ediblər.

Bu, Veysəloğlu Şirkətlər Qrupu tərəfindən gənclərin peşəkar və fərdi inkişafına dəstək məqsədilə həyata keçirilən “VİA” layihəsinin üçüncü buraxılışıdır. Proqrama bu il universitet təhsilini yenicə tamamlamış 142 məzun müraciət edib, müsahibə əsasında onların sırasından universitetə giriş balı və qiymət ortalama balı (GPA) yüksək olan 13 nəfər layihədə iştirak şansını qazanıb.

Proqram ərzində iştirakçılar Şirkətlər Qrupu və qrupa daxil olan şirkətlərin (“Veysəloğlu” MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “Xonça” Fabriki) strukturlarında təcrübə qazanıb, iş prosesi ilə yaxından tanış olub, təlimlərə cəlb ediliblər. Eyni zamanda Şirkətlər Qrupunun Mərkəzi Kitabxanasında 40-a yaxın kitab oxuyaraq dünyagörüşlərini zənginləşdiriblər.

Təcrübə, öyrənmə, inkişaf və dəyərləndirməni əhatə edən 5 aylıq layihə müddətində gənclər həm də ilk əməkhaqqılarını qazanıblar. Layihənin sonunda iştirakçılara topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələri üzrə çalışmaq istədikləri strukturu seçmək imkanı verilib.

“Veysəloğlu ilə İlk Addım” təcrübə proqramının 3-cü buraxılışından olan video ilə burada tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=bRpGoqjdoBg

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Bu gün 18 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından olan VŞQ-nin əsas vəzifələrindən biri də əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirmək və məzunları məşğulluqla təmin etməkdir.

15.09.2021Təhsilə dəstək
44 gəncin ali təhsil almasına dəstək göstərmişik

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, təhsilə dəstək əsas prioritet istiqamətlərimizdəndir. Belə ki, Veysəloğlu Şirkətlər Qrupu 2018/2019 və 2019/2020-ci təhsil ilində “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində Bakı və regionlarda yaşayan və ali məktəblərdə təhsil almaq arzusunda olan 44 gəncin biliklərinin artırılmasına və yüksək təhsil əldə etmələrinə imkan yaradıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şagirdlər yüksək nəticələr göstərərək tələbə adını qazanıblar və hazırda Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələridirlər.

Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) fəaliyyəti çərçivəsində həmçinin idman, xeyriyyəçilik və vətənsevərlik sahələrdə əhəmiyyətli layihələr həyata keçirir.

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat və logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

14.07.2021Təhsilə dəstək
Gənc kadrların yetişdirilməsinə dəstəyi davam etdiririk

Gənc kadrların yetişdirilməsinə dəstəyi davam etdiririk. Bu istiqamətdə icra etdiyimiz “Veysəloğlu ilə İlk Addım” (VİA) təcrübə proqramının növbəti buraxılışına start verilib.

Bu il üçüncüsü həyata keçirilən proqram çərçivəsində Azərbaycanın universitetlərində təhsilini yeni tamamlamış istedadlı gənclər sınaqlardan keçdikdən sonra Veysəloğlu Şirkətlər Qrupunda VİA proqramında iştirak imkanı qazanıblar.

Layihənin əsas məqsədi gənclərin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmələrinə imkan yaradaraq müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların yetişdirilməsinə dəstək olmaqdır.

5 ay davam edəcək təcrübə proqramı müddətində iştirakçılar şirkətlər qrupu və qrupa daxil olan bizneslərin bütün strukturlarında təcrübə qazanacaq, iş prosesi ilə yaxından tanış olacaq, texniki və qeyri-texniki bacarıqlarını artıra biləcəkləri təlimlərə cəlb ediləcək və peşəkarlar onlara biznesin xüsusiyyətləri ilə bağlı “nau-hau” ötürəcəklər.

Sonda layihə iştirakçılarına əldə etdikləri məlumatlar işığında karyera seçimi imkanı verilir.26 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya (“Veysəloğlu” MMC), pərakəndə (“Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi), istehsalat (“Ulduz” şokolad fabriki), logistika (“AVT” Logistics) kimi sahələrdə fəaliyyət göstərir. Hazırda qrupda 17 mindən çox əməkdaş çalışır.

14.10.2020Təhsilə dəstək
Dəstək olduğumuz gənclərdən 22 nəfər tələbə adını qazandı

Aztəminatlı ailələrdən olan gənclərin təhsil almalarına dəstək üçün həyata keçirilən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsində iştirakı davam etdiririk. Layihə çərçivəsində artıq ikinci ildir ki, Bakı və regionlarda yaşayan yüksək intellektual qabiliyyətli və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və ali təhsilə yiyələnməsinə imkan yaradılır.

Veysəloğlu Şirkətlər Qrupu 2019/2020-ci tədris ilində Hacıqabul və Yevlax rayonlarında imkansız ailələrdən olan 24 gəncin təhsil almasına maddi dəstək göstərib. İyul-avqust aylarında ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarda gənclərdən 19-u yüksək nəticə göstərərək birbaşa ali təhsil müəssisələrinə qəbul olub. Digər gənclər isə tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak edib. Onlardan 3-ü müsbət nəticə göstərərək müxtəlif kolleclərə qəbul olunub. Bununla da bu il Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi gənclərdən tələbə adı qazananların sayı 22-yə çatıb.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu 2018/2019-cu tədris ilindən bu təşəbbüsə qoşulub. Həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında Şirkətlər Qrupunun dəstəklədiyi 20 şagirdin hamısı yüksək nəticələr göstərərək tələbə adını qazanıb və hazırda müxtəlif universitetlərdə dövlət sifarişli (ödənişsiz) əsaslarla təhsil alır. Şirkətlər Qrupu indiyə qədər 44 gəncin təhsil almasına ümumilikdə 90 min AZN-ə qədər vəsait xərcləyib. Xatırladaq ki, “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə savadlı və sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə çərçivəsində ali məktəblərə hazırlıqla yanaşı, gənclərə psixoloji dəstək göstərilir, onların hərtərəfli inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilir.