31.08.2022Vətənsevərlik
“Araz” supermarketin dəstəyi ilə şəhid xanımları üçün layihə baş tutdu

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Müasir Psixologiya Mərkəzi və “Xarıbülbül fidanları” könüllü qrupu tərəfindən “Günəşə salam” layihəsi həyata keçirildi. Tədbirin iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin xanımları idi.

Layihənin keçirilməsində əsas məqsəd şəhid xanımlarının psixoloji sağlamlıqlarının bərpa olunmasına dəstək olmaq, onların cəmiyyətə adaptasiyalarını sürətləndirmək, yeni bacarıqlar qazanmalarına yardımçı olmaq idi.

Günəşin doğuşu ilə start götürən tədbirin ilk mərhələsində xanımlara meditasiya və gimnastika  seansları keçirildi. Rəsmi hissədə isə gender bərabərliyi, sosial sahibkarlıq, biznes və fərdi inkişaf mövzularında keçirilən interaktiv təlimlər,  müxtəlif komanda oyunları vasitəsi ilə iştirakçılar yeni biliklər qazandılar.

Tədbirdə şəhid xanımları ilə yanaşı, ictimai fəal şəxslər də iştirak etdilər.

https://youtu.be/eDOXhWO0H6Y

Məlumat üçün bildirək ki, Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Azərbaycan cəmiyyəti üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biridir.

18.08.2022Vətənsevərlik
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edildi

Veysəloğlu Şirkətlər Qrupu ölkənin dayanıqlı inkişafını dəstəkləyəcək daha bir istiqamətdə fəaliyyətə başladı. Belə ki, Şirkətlər Qrupu tərəfindən Qarabağ Dirçəliş Fonduna 100,000 manat məbləğində ianə edildi.

Bu barədə Veysəloğlu Şirkətlər Qrupunun təmsilçisi Jalə Əzizova bunları vurğuladı: “Tam səmimiyyətlə deyirəm ki, ölkə və cəmiyyətimiz üçün dəyər yaratmaq biznes fəlsəfəmizin əsasını təşkil edir. Qarabağın dirçəldilməsində bizim də rolumuzun olması qürurvericidir”.

Maliyyə dəstəyi ilə yanaşı, Veysəloğlu Şirkətlər Qrupu işğaldan və müharibədən zərər görmüş ərazilərin bərpasına yönələn birgə layihələr də həyata keçirmək niyyətindədir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Cəmiyyət üçün dəyər yaratmaq, gələcək nəslin daha yaxşı bir dünyada yaşamasına töhfə vermək və insanların sosial rifahını dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılıb. Fond qeyd olunan istiqamətlərdə nəticələrin əldə olunması üçün maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirir.

14.07.2022Vətənsevərlik
5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyilə 44 günlük Vətən müharibəsinin iştirakçıları Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov, Vüsal Həsənov və Fərid Əlirzayev Böyük Britaniyanın Maliyyə Menecerləri Assosiasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikat əldə ediblər.

Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı, “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərində də iştirak edərək müvafiq biliklərə yiyələniblər.

“Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov qazilərlə görüşərək onlara sertifikatlar təqdim edib. Səmimi keçən görüşdə qazilərin döyüş yolu, gələcək hədəfləri, müzakirə olunub. Layihənin növbəti mərhələsi olaraq, qazilər “Araz” supermarketlər şəbəkəsinin İR komandasında təcrübə proqramı keçəcəklər.

Vaxtaşırı sosial layihələrlə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin bu layihəni icra etməkdə məqsədi 44 günlük Vətən müharibəsinin ardından qazilərin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!

Veysəloğlu Şirkətlər Qrupu 28 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.

30.06.2022Vətənsevərlik
Mədəniyyət Nazirliyi və “Araz” supermarketlər şəbəkəsi Şuşa Dövlət Musiqili Dram Teatrının tamaşasını təşkil etdi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası ilə çıxış edib.

“Araz” supermarketlər şəbəkəsinin təşəbbüsü ilə “Şuşa ili” çərçivəsində keçirilmiş bu tamaşa elə Şuşa şəhərində baş tutub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstək olduğu tədbirdə ictimaiyyət nümayəndələri, teatr xadimləri və media təmsilçiləri iştirak edib.

Şuşa Dövlət Musiqili Dram Teatrı 1943-cü ildə təsis edilib və ona dahi Üzeyir Hacıbəylinin adı verilib, lakin bir neçə ildən sonra teatr bağlanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Qarabağın işğalı səbəbilə Şuşada fəaliyyət göstərə bilməyən teatr uzun müddət Bakıda məskunlaşmalı olub.

Bərpa olunmasının ardından bu il fəaliyyətinin 30 illik yubileyini qeyd edən teatr indiyədək heç vaxt Şuşada tamaşa göstərməyib.

Şuşanın mədəniyyət həyatının qayıtmasında özəl sektorun öndə olan simalarından biri “Araz” supermarketlər şəbəkəsinin bu addımı milli-mənəvi dəyərlərimizin tarixi torpaqlarımızda yenidən canlanmasına xidmət edir.

Şirkətin korporativ sosial məsuliyyət yönümlü layihələri Azərbaycan cəmiyyətinə dəyər yaratmaq məqsədi daşıyır.

Vətəndaş olaraq, hər birimizin borcu vətənimizin bütövlüyü, xoşbəxt gələcəyi uğrunda atılan addımlara dəstək olmaqdır. Bu səbəbdən də istər fərd olaraq, istərsə də özəl sektoru təmsil edən müxtəlif şirkətlər Qarabağın bərpasına töhfə verməyə çalışırlar.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,500 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

20.12.2021Vətənsevərlik
“YAŞAT” Fonduna 30.000 AZN ianə etdik

Veysəloğlu Şirkətlər Qrupu vətən uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 30.000 manat ianə edib. İanə Veysəloğlu Şirkətlər QrupuAzərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə keçirilən “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisindən əldə edilib.

Sərgidə müxtəlif mövzuları əhatə edən 50-yə yaxın əsər nümayiş olunub. Əsərlərin satışından əldə edilən gəlirin 30 faizi rəsm əsərlərinin müəlliflərinin hesabına köçürülüb. Ziyarətçilərin ən çox marağını cəlb edən əsərlərin müəlliflərinə (Röya Həsənova, Təranə Seyid və Nəzrin Xələfova) diplomlar təqdim edilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Şirkətlər Qrupu tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna ümumilikdə 2 milyon AZN vəsait köçürülüb. Bundan əlavə, qrupa daxil olan şirkətlər (“Veysəloğlu” MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti, “Xonça” Fabriki) tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi üçün texnika və vasitələr hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib.

12.11.2021Vətənsevərlik
“Qayıdış” Qəhrəmanlara Dəstək sərgisini təşkil etdik

Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə 5-11 noyabr tarixlərində “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi keçirildi. Zəfər Gününə həsr edilən sərgidə millət vəkilləri, ictimai xadimlər, əməkdar rəssamlar, sənətşünaslar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Tədbir başlamazdan əvvəl böyük zəfəri xalqımıza yaşadan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anıldı. Giriş sözü ilə çıxış edən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bu tarixi günün əhəmiyyətindən və sərginin keçirilmə məqsədindən söhbət açdılar. Bildirildi ki, qəhrəmanlar və onların ailələrinə dəstək olmaq məqsədi ilə təşkil edilən bu sərgiyə qısa zaman kəsiyində 100-dən artıq müraciət olunub, 50-yə yaxın əsər nümayiş üçün qəbul edilib.

Sərgidən əldə edilən gəlirin 70 faizinin “YAŞAT” Fondunun, 30 faizinin isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürülməsi nəzərdə tutulub.

Sərgi günlərində müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış olan ziyarətçilər bəyəndikləri əsərləri alaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstəyi ifadə etmiş oldular. Sərgi çərçivəsində rəssamlar arasında müsabiqə keçirildi və qaliblərə hər üç təşkilatın imzası olan diplomlar təqdim edildi.

15.12.2020Vətənsevərlik
İkinci Qarabağ müharibəsində 637 əməkdaşımız iştirak etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışlara və Qarabağ uğrunda İkinci Vətən müharibəsinin başlanması səbəbindən Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq, ehtiyatda olan hərbi vəzifəlilərin çağırışına əməkdaşlarımız da dərhal cavab reaksiyası verib.

637 əməkdaşımız döyüş bölgələrinə yollanıb. Onlardan 12 nəfəri torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub, 1 nəfər itkin düşüb. Hərbi əməliyyatlar zamanı yaralanan 24 nəfər əməkdaşın isə tibb müəssisələrində müalicələri davam etdirilir. Qeyd edək ki, rəhbərliyin qərarına görə, özəl klinikalarla mövcud müqavilə əsasında Şirkətlər Qrupunun Qarabağ döyüşlərində iştirak edərək xəsarət almış və müalicəyə ehtiyacı olan əməkdaşlarına, həmçinin onların ailə üzvlərinə hərtərəfli tibbi xidmət göstərilir. Onlar üçün xidmət tamamilə ödənişsiz, Şirkətlər Qrupunun hesabına həyata keçirilir. Onu da əlavə edək ki, Veysəloğlu Şirkətləri Qrupu qanunvericiliyə müvafiq olaraq hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün çağırılan əməkdaşlarımızın iş yeri, vəzifəsi saxlanılmaqla onlara orta əmək haqqının ödənilməsini təmin edir.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir.

23.10.2020Vətənsevərlik
Ordu ilə yanaşı, cəbhə xəttində zərər çəkmiş əhaliyə də dəstək göstəririk

Hazırda rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir. Lakin Ermənistan silahlı bölmələrinin davam edən təxribatları, mülki obyektlərə raket və artilleriya zərbələri nəticəsində cəbhə xəttində yerləşən rayon və kəndlərimiz, mülki əhalimiz ciddi zərər görür.
Bunu nəzərə alaraq, ordumuzla yanaşı cəbhə xəttində zərər çəkmiş mülki əhaliyə də dəstəyi davam etdiririk. Bu dəfə Şirkətlər Qrupu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) koordinatorluğu ilə Ağcabədi və Bərdə rayonlarında təmas xəttində yaşayan əhaliyə ərzaq və qeyri-ərzaq məhsulları ilə yardım edib. Yardımın əhaliyə mərkəzləşdirilmiş və sistemli şəkildə çatdırılması məqsədilə məhsullar adıçəkilən rayonların yerli icra hakimiyyəti orqanlarına təhvil verilib. Veysəloğlu Şirkətlər Qrupu bir daha bəyan edir ki, bundan sonra da xalqımıza, ordumuza dəstəyini davam etdirəcək.

Qeyd edək ki, Şirkətlər Qrupu tərəfindən ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon AZN vəsait köçürülüb. Bundan əlavə, qrupa daxil olan şirkətlər tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi və digər məqsədlər üçün yüzlərlə avtomobil şinləri, taxta paletlər, eyni zamanda hərbi səfərbərlik şəraitində istifadə edilməsi üçün onlarla nəqliyyat vasitəsi hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib. Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid ailələri, Qarabağ qaziləri və əlillərinə də mütəmadi olaraq maddi-mənəvi dəstəyini davam etdirir.