“Tədarük zəncirinin davamlı inkişafda rolu düşündüyümüzdən qat-qat böyükdür” - MÜSAHİBƏ

“Ərzaq təhlükəsizliyinin təmin olunması üçün mükəmməl sistemlər kifayət etmir, ən yaxşı nəticələr ölkəsini və öz işini sevən insanlar sayəsində əldə olunur”

Həyatımızı davam etdirə bilməyimiz üçün ərzaq təhlükəsizliyinin hava, su qədər zəruri olduğu hamımıza aydındır. İqtisadiyyatdan bir az anlayanlara isə buna nail olmaq üçün tədarük zəncirinin əhəmiyyəti də aydındır. Bu maraqlı mövzuda bilmədiklərimizi eşitmək üçün tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrup olan Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) müraciət etdik.

Marja.az-ın müsahibi Şirkətlər Qrupunun ən dinamik və yenilikçi şirkətlərindən olan “AVT Logistika” MMC-nin İdarə Heyətinin sədri Co Daybeldir.

- Tədarük zəncirini bir ölkənin davamlı inkişafı ilə necə əlaqələndirə bilərsiniz? Məhz sizin biznesin bu inkişafdakı rolunu qısaca təsvir edə bilərsinizmi?

- Konkret danışmağı sevən biri olaraq, birbaşa mövzuya keçdiyiniz üçün sizə təşəkkür edirəm. Biz logistika biznesimizlə istehlakçılara seçim imkanı verməklə yanaşı, digər bizneslərin və eləcə də ölkə iqtisadiyyatının inkişafı üçün çalışırıq. Logistika həm də fərdi istehsalçılara onlar üçün əlçatan olan kiçik regionların hüdudlarına çıxmağa və ölkə üzrə bütün istehlakçılara məhsul təklif etməyə imkan yaradır. Biz 15,000-dən çox marketlə əməkdaşlıq edirik. Beləliklə, həm müştərilərimizi geniş çeşid və fərqli məhsullarla təmin edirik, həm də daha çox dükan açılmasına, icarə haqqı ödənilməsinə, tədarük zəncirinin iştirakçılarına daha çox gəlir əldə etməsinə və nəticədə vergi ödəməklə ölkənin inkişafına töhfə veririk. Əsas məqsədimiz davamlı təkmilləşmə ilə biznes tərəfdaşlarımızın xərclərini və yük maşınlarımız tərəfindən qət olunan məsafəni azaltmaqdır. Bu isə öz növbəsində məhsulun marketə çatdırılma xərcini azaldır, beləliklə, məhsulun satış qiyməti azalır və çatdırdığımız məhsul müştəri üçün daha əlçatan olur. Qət edilən məsafənin azaldılması həm də yanacaq sərfiyyatını azaldır, bununla da karbon qazının normadan çox olmaması və daha təmiz hava üçün çalışırıq. Təchizat zəncirinin effektiv idarə edilməsi istehlakçılar, bizneslər, daşınmaz əmlak sahibləri və ümumilikdə ölkə üçün böyük əhəmiyyət kəsb edir.

- Logistika anbarınız Cənubi Qafqazda ən böyük anbarları olaraq tanınır. Deyə bilərsinizmi, qida təhlükəsizliyini və yüksək standartlardan irəli gələn tələbləri necə təmin edə bilirsiniz və məhsulların qeydinə necə qalırsınız?

- Bölgənin ən böyük qapalı anbarını idarə etmək böyük məsuliyyətdir və buradakı proseslər saat kimi dəqiq işləməlidir. Qida təhlükəsizliyində əsas məsələ məhsulların düzgün temperatur və nisbi rütubətdə saxlanılmasıdır. Mərkəzimizdə məhsulların lazımi şəraitdə saxlanılması üçün xüsusi soyudulmuş korpuslar var: məsələn, meyvə və tərəvəzlər +15 dərəcə, donmuş qidalar -18 dərəcədə saxlanılır. Anbarımıza daxil olanda məhsulların düzgün temperaturda saxlanıldığından əmin olmaq məqsədilə davamlı olaraq yoxlamalar həyata keçirilir. Məhsul anbarımızdan çıxdıqdan sonra onun marketə yüksək keyfiyyətlə çatdırılması üçün məsuliyyət daşıyırıq. Belə ki, daşınmanı xüsusi soyuduculu yük maşınlarında həyata keçiririk. Biz həm də malların çeşidlənmə və anbarda saxlanılmasını düzgün təşkil edirik. Nümunə kimi deyə bilərəm ki, qida məhsulları ev üçün lazım olan digər mallardan, məsələn, təmizlik vasitələrindən ayrı saxlanılır. Biz istisnasız bütün təməl prinsiplərə ciddi yanaşır və bu sənayenin tələblərinə və təbii ki, məntiqi qaydalara əməl edirik. Artıq anladığınız kimi əsas işimiz məhsulların düzgün saxlanılmasını və marketlərə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etməkdir.

- Bəs haqqında çox danışılan ərzaq təhlükəsizliyi barədə nə deyə bilərsiniz? Xüsusilə də təchizat zəncirinin ciddi ziyan gördüyü koronavirus (COVID-19) pandemiyası dövründə hansı tədbirləri görmüşdünüz?

- Maraqlı məqama toxundunuz. Həqiqətən də, pandemiya sanki bütün dünyanı arxayınlıq yuxusundan ayıltdı və hər kəs bəzi sahələrin, xüsusi ilə tibb və qida sahəsinin vacibliyini daha yaxşı anlamağa başladı. Biz cəmiyyəti təmiz, sağlam, keyfiyyətli və münasib qiymətə qida ilə təmin etmək missiyamızın nə qədər böyük öhdəlik olduğunun fərqindəyik. Əvvəla deyim ki, biz məhsulun orijinal olduğuna əminlik üçün yalnız etibarlı tədarükçülərlə əməkdaşlıq edirik. Məsələn, ekspeditor beynəlxalq tədarükçüdürsə, bu şəxsin rəsmi nümayəndə olması ilə bağlı istehsalçıdan təminat alırıq. Ciddi şəkildə etibarlılığın qeydinə qalırıq və beləliklə, müştərimizin narahatlığına səbəb yaranmamasına nail oluruq. Pandemiya dövründə biz müştərilərimizin ehtiyaclarını davamlı olaraq təmin edə bilmək üçün zəruri malları əlavə tədarük etməklə ehtiyat tədbirləri gördük. Öhdəlik götürdük ki, hətta təchizat zənciri tam pozulsa belə, müştərilərimizin çətinlik çəkməməsi və zəruri mallarla təchiz olunması üçün 4 aylıq ehtiyatımız olsun. Ən ekstremal vəziyyətlərdə ehtiyaclarımızı proqnoz edən ağıllı alqoritmlərimiz var, beləliklə, tədarükçü mövsümdən asılı olaraq fəaliyyətini dayandırsa belə, müştərilərimizi təmin etmək üçün kifayət qədər ərzaq ehtiyatımız var.

- Logistika və təchizat bazar qiymətlərinə təsir gücü olan kifayət qədər bahalı əməliyyatlardır. Bütün bunlar adi müştərini əsas maraqlandıran məsələ olan pul üçün yaxşı dəyər yaratmaq qabiliyyətinizə təsir göstərirmi?

- Doğrudur, logistika bahalı əməliyyatdır və eyni zamanda uzunmüddətli strategiya hazırlamaq üçün biznesin uzaqgörən liderə ehtiyacı var. Bəzi logistika binaları 40 il və ya daha çox müddətdə fəaliyyət göstərir. Ərazinin sahəsi, binanın forması və ölkədəki coğrafi yerləşməsini təyin etmək üçün bazarı anlamaq və məqsədləri düzgün təyin etmək lazımdır. Təbii ki, mərkəzləşdirilmiş logistika və təchizat hər bir dükana ayrıca bir tədarükçünün mal çatdırmasından daha ucuz başa gəlir. Çünki mərkəzləşdirilmiş yanaşma əslində yerli və regional məhsulları istehlakçılara daha yaxşı qiymətə təklif edə bilmək imkanı verir. Hər şeydən əlavə, mərkəzləşdirilmiş biznes yollardakı yük avtomobillərinin sayını azaldır, bu isə nəqliyyatın daha az sıxlığı və şəhərlərimizdə daha təmiz hava deməkdir.

- Davamlılıq dedikdə əksəriyyət yenidən emal haqqında danışır. Siz də bu fəaliyyət istiqamətini şirkətinizin əməliyyatlarında nəzərə alırsınızmı?

- Haqlısınız, yenidən emal davamlılıq üçün əsas şərtlərdən biridir. Belə ki, tullantılardan düzgün yararlanmaqla xərclərin effektiv idarə olunmasına və ətraf mühitə zərərin azaldılmasına nail olmaq mümkündür. Biz distribusiya mərkəzimizdə plastmas, karton tullantıları və taxta paletlərin yenidən emalını da proseslərimizə daxil etmişik. Hətta qutu alınmasını azaltmaq və növbəti illərdə digər bizneslərə təklif etmək üçün dəfələrlə istifadə oluna bilən plastmas konteynerlər hazırlamaq üzrəyik. Biz həm də bir sıra yük maşınımızda yenidən emal edilmiş təkərlərdən istifadə haqqında düşünürük. Plastmas və kartondan istifadəni azaltmağa yönəlmiş təşəbbüslər üzərində çalışır və inkişafa nail olmaq üçün avtomatlaşdırılmış həlləri araşdırırıq. Mərkəzləşdirilmiş təchizat zənciri modeli bir çox tədarükçünün sifarişlərini bir dəfəyə çatdırmada birləşdirə bilir və buna görə də bu model birbaşa dükana modelindən daha effektivdir.

- Əməliyyatlarınızın daha effektiv olması və fiziki əməyin azaldılması üçün hansı addımları atırsınız?

- “Daha effektiv olmaq üçün nə edirik?” – bu, hər zaman özümüzə verdiyimiz çox yaxşı suallardandır. Əslində biz, logistika sahəsinin adamları, hər saatımızı daha effektiv ola bilmək ilə bağlı fikirləşərək keçiririk. Biz skan maşınları ilə kağızsız sifariş qəbulunu həyata keçiririk və hətta səs əmrləri vasitəsilə sifarişlərin toplanılması imkanları haqqında araşdırma aparırıq. Düşünürük ki, hər bir sifarişin alınması bir neçə saniyə təşkil etməlidir ki, nəticədə müştəri üçün dəyər yaradaraq onun vaxtına qənaət edilsin. Biz yollarda daha çox avtomobil olmasının qarşısını almaq üçün daha böyük yük avtomobillərinə sərmayə yatırırıq. Geri qayıdarkən tədarükçülərdən məhsulların alınması və proqnoz alqoritmimizdən istifadə edərək tələbin daha yaxşı proqnozlaşdırılması və anbarda bütün məhsulların ehtiyatının saxlanılması da planlarımıza daxildir. Biz çatdırmanı sürətlə və sadə proseslə həyata keçirə bilmək üçün “ağıllı kilid” texnologiyasına investisiya yatırmışıq, bu texnologiya imkan verir ki, yük maşını mağazaya yaxınlaşanda GPS və radar texnologiyasından istifadə ilə mağazanın anbar qapısı açılsın və bağlansın, bunun üçün orada hər hansı bir mağaza əməkdaşının olmasına ehtiyac yoxdur. Bu proses səmərəliliyi artırır, belə ki, daşımalar gecə saatlarında həyata keçirilərək nəqliyyat vasitələrimiz tıxacda vaxt itirmir və eyni zamanda o saatlarda mağaza əməkdaşlarının işdə olmasına ehtiyac qalmır.

Biz əməkdaşlarımızı dinləyir, sistemlərimizi onların ideya və təkliflərinə uyğun çalışdırırıq, bütün prosesin daha asan, daha məntiqli və daha effektiv olmasına belə nail oluruq. Nəticə etibarilə bu fərqi yaradan yalnız alqoritmlər və avadanlıqlar deyil, əsasən insanlardır. Son bir neçə ildə biz 2000-dən çox iş yeri yaratmışıq. Qeyd edim ki, hazırda rəhbər vəzifələrdə çalışan insanların əksəriyyəti sahədə sifariş toplayan olaraq işə başlamış və hazırda menecer kimi fəaliyyət göstərən əməkdaşlardır. Yəni biz insanları yalnız işlə təmin etmirik, həm də onların karyera qurmasına şərait yaradırıq.

- Əməkdaşlarınızın peşəkar inkişafı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı hansı təşəbbüsləriniz var?

- İnsanlar bizim ən dəyərli aktivlərimizdir. Bu baxımdan həm əməkdaşlarımızın, həm də tərəfdaşlarımızın təhlükəsizliyi bizim üçün böyük əhəmiyyət kəsb edir. Distribusiya mərkəzlərimizdəki komandalar SƏTƏM təlimləri keçmiş, təhlükəsizlik geyimləri ilə təmin olunmuşlar və bu prosesə ciddi nəzarət olunur. Biz elə korporativ mədəniyyət yaratmışıq ki, hansısa potensial təhlükənin dəyərləndirilməsi və qarşısının alınması üçün hər kəs öz peşəkar rəyini açıq şəkildə ifadə etməyə dəvət olunur. Yeri gəlmişkən, bütün yük avtomobillərimizə GPS vasitəsilə nəzarət olunur, beləliklə, yalnız onların harada olduqlarını deyil, sürət və avtomobilin keyfiyyətli idarə edilməsini də izləyirik. Bununla da həm sürücülərin, həm də ümumi ictimaiyyətin təhlükəsizliyini təmin etmiş oluruq. Menecerlərimiz və rəhbər heyətimiz səriştəli kadrlardan ibarətdir, onlar yalnız hər kəsin işini icra etməsi və təhlükəsizliyi üçün çalışmır, həm də öz davamçılarının yetişdirilməsi üzərində işləyirlər. Nümunə üçün deyim ki, biz “Fəhlədən Mütəxəssisə” adlı bir proqram hazırlamışıq və burada məqsəd sıravi heyətin bacarıq və təcrübəsini artıraraq menecer vəzifələrinə yüksəldilməsidir. Biz həmçinin rəhbərlərin gələcəkdə daha güclü liderlərə çevrilməsini təmin etmək kompleks qiymətləndirmə sistemini (“scorecard”) tətbiq edirik. Əməkdaşlarımızı düşünməyə dəvət etmək üçün müxtəlif mövzularda təlimlər keçiririk. Bu yaxınlarda dünyanın ən böyük təchizat zəncirlərindən olan “Amazon modeli” barəsində düşündürücü söhbət formatında təlim təşkil edilmişdi. Biz “Amazon” və digər bu kimi uğurlu şirkətlərdən nələri öyrənə biləcəyimiz və Azərbaycanda hansı təcrübələri tətbiq edə biləcəyimiz haqqında davamlı olaraq fikir mübadilələri aparırıq.

Hər açılan sabah bizə bu və ya digər sahədə daha effektiv olmaq üçün şans yaradır. Bütün bu sınaqlarla dolu prosesdə xüsusi əzmlə çalışan komandamızın zəhmətini hər zaman dəyərləndirməyə çalışırıq.

- Müsahibə üçün təşəkkür edirik.